I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə ilə bağlı dəqiq siyahı hazırlanır



"1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı hazırda Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə həmin kontingentin dəqiq siyahısının müəyyən edilməsi üzərində iş gedir".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, 1990-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşma və digər sənədlər olmaması və ya çox məhdud sayda olduğunu nəzərə alsaq, bu sahədə müəyyən çətinliklər var:

"Hazırda həmin dövrdə hərbi həkim komissiyaları tərəfindən verilən şəhadətnamələrin elektron sistemə yığılması aparılır. Siyahıda olan şəxslərdən sosial sığorta alan və almayanlar müəyyən ediləcək. Yekunda sosial sığorta almayan şəxslərlə bağlı müvafiq qərarlar verilərək, həmin ödənişlər həyata keçiriləcək. Ümid edirik ki, iyun ayına qədər elektronlaşmalar başa çatacaq. Eyni adlarda olan şəxslərə verilmiş kifayət qədər şəhadətnamə var. Yaxud da bəzilərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsində çətinlik yaşanır. Bəziləri isə ilk illərdə rus blanklarında hazırlanan şəhadətnamələrdir. Bunların hamısının uyğunlaşdırılması və yekun siyahının hazırlanması üzərində iş gedir".

Nazir qeyd edib ki, həmin şəxslərin hər hansısa bir quruma müraciət etməsinə ehtiyac yoxdur və birbaşa qərar verilərək, ödənişlər ediləcək.

"Kimlərin ki, məlumatı tam və dolğun deyil, onlarla bağlı çağırış ediləcək ki, qeydiyyatda olduqları rayonlar üzrə DOST mərkəzlərinə və ya Dövlət Sosial Müdafiə Fondunun regionlardakı qurumlarına aidiyyəti sənədlərlə yaxınlaşıb, yoxlamalardan keçsinlər. Bundan sonra ödənişlərini ala biləcəklər. Planlaşdırırıq ki, bu il təxminən 20 minə yaxın şəxsə 120 milyon manat məbləğində vəsait ödəniləcək. Həmin şəxslərin sayı hələ yekun rəqəm deyil və siyahı dəqiqləşdiriləcək".

Qeyd edək ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı verilən sərəncama görə, I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat və III dərəcə əlilliyə görə - 4 400 manat birdəfəlik ödəmə veriləcək.