ABŞ-da yeni avtomobillər son bir ildə ilk dəfə ucuzlaşıb
Yanvarda ABŞ-da yeni avtomobillərin orta qiyməti dekabr ayı ilə müqayisədə 839 dollar azalaraq 46 404 dollar təşkil edib. Bu göstərici bir ildən artıq müddət ərzində ilk dəfədir mənfi dinamika nümayiş etdirib.
"Economics" xəbər verir ki, bu barədə "Cox Automotive"in hesabatında deyilir.
"Yeni avtomobil qiymətlərindəki artımın pik həddə çatdığı görünür", - şirkətin baş analitiki xanım Mişel Kerbs qeyd edib.
Bununla belə, ekspertin də əlavə etdiyi kimi, avtomobil təklifinin artacağı ilə bağlı proqnozlara baxmayaraq, ilin birinci yarısında bazarda təklifin tələbi təmin etmədiyi vəziyyət davam edəcək: "Buna görə də biz gələcək üçün proqnozlaşdırılan qiymətlərin yüksək qalacağını gözləyirik, lakin alıcıları əmin edə bilərik ki, onlar rekord həddə qayıtmayacaq".
ABŞ-ın avtomobil bazarında çətin vəziyyət mikroçiplərin qlobal çatışmazlığı ilə əlaqəlidir ki, yeni avtomobillərdə onların 100-dən çoxu istifadə olunur. Bir çox avtomobil istehsalçıları istehsal həcmini azaltmağa məcbur olub. Bu, son bir ildə qiymətləri yüksək saxlayıb.
Qiymətləri artıran digər amil amerikalıların daha bahalı avtomobillərə üstünlük verməsi olub. Ölkədə qeyri-lüks avtomobillər son üç ayda ucuzlaşır, lakin amerikalılar o qədər lüks avtomobil alıblar ki, orta qiymət durmadan artıb.
Bu arada, keçən ay ABŞ-da yeni lüks avtomobil alıcısı orta hesabla 64 635 dollar ödəyib. Bu rəqəm dekabr ayı ilə müqayisədə 804 dollar azdır, lakin hələ də istehsalçı tərəfindən tövsiyə olunan orta pərakəndə qiymətdən 1 300 dollar çoxdur.
Avtomobillər arasında ən çox ucuzlaşan minik avtomobilləri olub – dekabr ayı ilə müqayisədə 1 263 dollar. Yolsuzluq avtomobillərinin orta qiyməti 913 dollar azalaraq 45 512 dollar, pikapların – 483 dollar azalaraq 54 331 dollar, mikroavtobusların isə 1 308 dollar artaraq 48 207 dollar təşkil edib.