Azərbaycan "OPEC+" üzrə hasilatın artırılması ilə bağlı qərarı dəstəkləyib


Azərbaycan “OPEC plus” üzrə gündəlik hasilatın 400 min barel artırılması ilə bağlı planın martda da davamını dəstəkləyib Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrinnazirlərinin 25-ci iclasında qlobal neft bazarında balansın təmin edilməsi məqsədilə gündəlik neft hasilatının 400 min barel artırılması planının martda davamına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin martında daha 7 min barel artırılaraq 675 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 43 min barel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.