TDT Qırğızıstan-Tacikistan sərhədində baş verənlərdən narahatdır
Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşma ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev açıqlama yayıb.
Baş katibin açıqlaması təşkilatın saytında dərc olunub.
“Biz Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətdən dərin narahatıq, silahlı münaqişənin dərhal dayandırılmasına, sülh yolu ilə həllinə və diplomatik danışıqlar yolu ilə vəziyyətin sabitləşdirilməsinə çağırırıq. Türk Dövlətləri Təşkilatı olaraq mülki şəxslərə qarşı silah istifadəsini pisləyir və iki qonşu ölkənin sərhədində gərginliyin daha da artmasının qarşısını almaq üçün lazımi tədbirlərin görülməsinə çağırırıq. Biz Qırğız Respublikasının vəziyyətin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəklədiyimizi bildiririk, Qırğızıstan və Tacikistan arasında qarşılıqlı anlaşma, hörmət, mehriban qonşuluq münasibətləri və birlikdə yaşamaq iradəsinə əsaslanan dialoqu alqışlayırıq. Ümid edirik ki, danışıqlar nəticəsində hər iki tərəf qarşılıqlı etimadı gücləndirmək və mümkün münaqişələrin qarşısını almaq üçün lazımi addımlar atacaq”, - Baş katibin açıqlamasında deyilir.