GDU-da təltiflərlə bağlı “ojitaj”


“Siz kimsiniz ki, ölkə rəhbərini aldatmağa müvəffəq oldunuz?”

Bu günlərdə ölkə rəhbəri cənab İlham Əliyev GDU-nun 80 illik yubileyi ilə əlaqədar bir neçə müəllimləri "Əməkdar müəllim" və " Tərəqqi" medalı ilə təltif etdi. Bəli, cənab Prezidentin imzaladığı sərəncam heç bir halda müzakirə obyekti ola bilməz. Amma buna baxmayaraq, bu təhsil müəssisəsində çalışan və adları təqdim olunmuş siyahıda yer alan müəllimlərlə bağlı müzakirələr, bu gün nəinki GDU-da, hətta bütövlükdə Gəncəbasar regionunda da müzakirə obyektinə çevrilib. Bir neçə gün bundan öncə, bu mövzu ilə bağlı redaksiyamızın elektron poçtuna bir neçə məktub göndərilmişdi. Həmin məktubların mahiyyətini müəyyən səbəblər üzündən geniş oxucu kütləsinin diqqətinə çatdırmağı özümüz üçün lüzum bilmədik. Buna da əsas səbəb, məktub müəlliflərinin yaşananlarla bağlı lazımi qədər məlumatlı olmaları, amma etik normaları kobud şəkildə pozmaları idi. Yəqin ki, bunun da müəyyən səbəbləri olub. Onu da tam şəkildə vurğulaya bilmərik ki, göndərilən məktublar GDU-nun müəllim kontingenti tərəfindən düzülüb-qoşulub. Əgər belə bir addım atılıbsa, o halda bunun özü pis bir halın varlığından xəbər verir.
Onu da bildirək ki, bütün zamanlarda olduğu kimi, bu gün də GDU-da təltiflərlə bağlı “ojitaj” yaranmasının əsas səbəbi, “daha yuxarı”lara universitet rəhbərliyi tərəfindən yöndəmsiz siyahının təqdim olunması oldu. Belə bir addımlardan sonra, baş verən narazılıqlarla bağlı GDU tərəfi təltiflə bağlı nəinki mətbuata, hətta kollektiv üzvlərindən bəzilərinə də “ağır cavab” vermək yolunu seçdi desək, heç də yanılmarıq. Bu gün GDU-da rəhbər vəzifələri daşıyan və təltif siyahısını düzüb-qoşanların narazı kəsimə “Bu ölkə rəhbərinin sərəncamı olduğu üçün, heç bir halda müzakirə edə bilməzsiniz” deyə, verdikləri cavab belə olur. Təqdirəlayiq addıma heç bir “şəkki-şübhə” olmur. Amma fikirləşirsən ki, problemin kökündə ölkə başçısının aldadılması, ona məqsədəuyğun olmayan siyahının təqdim olunması durur, o halda sual oluna bilər ki, bəs belə bir məsuliyyət kimin boynunda qalacaq? Həmin siyahıya diqqət yetirməklə belə qənaətə gəlmək olur ki, "Əməkdar müəllim" fəxri adını əldə etmək üçün, ya ən azından prorektor, ya da ki, rektora yaxın vəzifələrdən birini daşımalısan. Yəni, belə bir adı qazanmaq üçün sıravi müəllim vəzifəsini daşımaq yetərli olmur. Çoxsaylı oxucularımız heç də yalnış anlamasınlar ki, belə bir şərtlər hal-hazırda GDU üçün nəzərdə tutulan kriteriyadır. Görəsən, baş verənlərlə bağlı təhsil naziri cənab Ceyhun Bayramovun münasibəti neçədir?
Son zamanlar bəzi media mənsubları tənqid obyektinə çevrilsələr də, amma onu da unutmaq olmaz ki, bizim media vasitəsi ilə çatdırdıqlarımız bu gün bölgənin əsas müzakirə etdiyi mövzulardan birinə çevrilib. GDU-da rəhbər vəzifə daşıyan elə şəxslər var ki, onların müəllimlik etmələri bütün zamanlarda müzakirə mövzusuna çevrilsə də, təltif olunmaları onlara mövqelərini gücləndirməyə əsas verdi. GDU-da tərtib olunan və PA-na qədər ötürülən təltif siyahısının məsuliyyətini öz üstündən atan və narazılıq edənlərə “Sən kimsən ki, ölkə rəhbərinin imzaladığı sərəncamı müzakirə edirsən” deyənlərə, yəqin ki, həm mənim, həm də digərlərinin sualı var. Bəs siz kimsiniz ki, ölkə başçısını aldadırsınız? Onu da qeyd edək ki, bu gün də, dünən də, daha doğrusu 1988-ci ildən indiyə kimi GDU bütün zamanlarda “çalxalanıb”. Baş verənlərin kökündə, çoxsaylı haqsızlıqlara imza atıldığı durur desək, yəqin ki, heç də yanılmarıq. Bu gün də belə bir qalmaqalın yaranmasının günahkarı, birbaşa qalmaqalı yaradanlardırlar. Deyəsən dava “yorğan davasıdır.
Ümumiyyətlə, istər orta, istərsə də ali təhsil müəssisələrinin fəaliyyətində əsas istiqamət, sağlam gənc nəsl formalaşdırmaqdır. “Əməkdar müəllim” və ya "Tərəqqi" medalı ilə təltif olunanlara münasibət, məhz onların daşıdıqları vəzifəyə görə, rəhbərliyə yaxın olmalarına görə deyil, birbaşa ali məktəblərdə təhsil alan və sabahkı cəmiyyətimizi yaşadacaq gənc nəslin rəyini öyrənmək yolu ilə müəyyən olunmalıdır.
Mövzuya qayıdacağıq.

/Gundemxeber.Az/