Niyə biz "Şəhidlərin qan pulunu ver" deyib onlara dəstək kampaniyası etmirik!?


Hüquq müdafiəçisi Oktay Gülalıyev özünün facebook səhifəsində Hakimiyyətə səslənərək bildirib ki, "qan pulu"nu vermək istəmirlər.

Şəhid ailələri və Qarabağ müharibə veteranları bir müddətdir ki, prezident administrasiyasının qarşısına yığılaraq onlara veriləcək "qan pulu"- nu (Hərbi qulluqçuların icbari sığorta pulunu- red.) tələb edirlər. Onlar bir neçə gündür həmin ünvanda "şəhidlər ölməz, vətən bölünməz", "cənab prezident, cavab ver bizə" şüarları ilə aksiya keçirirlər. Çox təəssüfləndirici haldır ki, şəhid ailələrinin səsi bütün ölkəyə yayıldığı halda nə İlham Əliyev, nə də onun məmurları onların səsini eşitmirlər...

Təsəvvür edirsinizmi bu nə deməkdir? Vətən uğrunda canından keçən, şəhid olanların ailələri qanunla onlara çatacaq 11 min manat pulu 20 ildir ki, ala bilmirlər. Xarici futbol klublarına sponsorluq edən, Avropada kilsə, monastır təmir edən, ermənilərə pulsuz qaz verən, ölkədə mənasız idman yarışları keçirməyə milyardlar xərcləyən, səmərəsiz layihələrə milyonlar yatıran Azərbaycan hakimiyyəti Vətən uğrunda, Qarabağ uğrunda canlarını fəda etmiş insanların övladlarına, ailələrinə 11 min manatı vermək istəmir. Başqa vaxt bu hakimiyyət və onun muzdlu mirzələri Qarabağdan danışır, vətənşüvənlik edirlər...

Biz bilirik ki, bunların Qarabağ sevgisi saxtadır. Onları yalnız, var- dövlət və hakimiyyətləri düşündürü. Milyardları oğurlayıb ofşarlara daşıyırlar, amma şəhid ailələrinin "qan pulu"- nu vermək istəmirlər. Bəs bizlərə nə olub? Niyə bizlər hər gün gözümüzün qarşısında "50 manatla dolana bilmirəm" deyən şəhid ailələrinin ah- naləsini eşitmirik? Niyə biz onların bu haqlı tələbini lazımi qədər müdafiə etmirik? Niyə biz "Şəhidlərin qan pulunu ver" deyib onlara dəstək kampaniyası etmirik!?

Gələn susmayaq. Şəhidlərimizə sahib çıxaq, onların ailələrinin haqlı tələblərinə dəstək olaq!