Gömrük Komitəsinin iki əməkdaşı tutduqları vəzifələrdən azad edilib


Dövlət Gömrük Komitəsinin iki əməkdaşının qaçaqmalçılıq etdiyi ifşa edilib və onlar tutduqları vəzifələrdən azad ediliblər. Xidməti yoxlama aparılır, onun nəticələrinə görə materiallar prokurorluğa göndəriləcək, deyə Gömrük Komitəsinin məlumatında deyilir.

Komitənin press-relizində deyilir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Nazim Muxtarov gömrük sərhədini keçdikdən sonra saxlanılıb, əl baqajına baxış keçirilib. Bu zaman onun baqajından 79 ədəd bəyan edilməmiş İphone mobil telefonu, iki ədəd Samsung mobil telefonu, həmçinin qulaqlıqlar, adapterlər və yaddaş kartları aşkar edilib.

Araşdırma zamanı Muxtarovun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin müfəttişi Ariz Hüseynli ilə qaçaqmalın gömrük nəzarətindən keçirilməsi haqqında sövdələşmə əldə etdiyi müəyyən edilib. Beləliklə, ümumi dəyəri 197 120 manat olan mobil telefon və aksessuarların qaçaqçılığı həyata keçirilib.

Bundan başqa, Hüseynli gömrük postunun rəisi Rəhman Əliyevlə birlikdə 500 dollar müqabilində böyük ölçüdə ətriyyat və kosmetika vasitələrinin qaçaqçılıq yolu ilə keçirilməsi üçün şərait yaradıb. Xidməti araşdırma başlayıb, yığılan materiallar Baş Prokurorluğa göndəriləcək.

/Turan.az/