“Başa düşmürük, bizim ailəmiz niyə təqib olunur?” -Əminə Hacıyeva


Azərbaycan prezidenti cənab İlham Əliyevə ABB İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevadan


Cənab prezident, dəfələrlə sizə müraciət edərək bizə yardım göstərmənizi və üç qurumdan - DİN, Baş Prokurorluq və Ədliyyə Nazirliyindən müdafiə etmənizi xahiş etmişəm. Səkkiz aydır mənə və vəkillərə Cahangirlə görüş vermirlər. Vəkillərdən birini, ümumiyyətlə, bir il müddətinə vəkillik fəaliyyətindən məhrum ediblər. Heç kim bununla bağlı açıqlama vermir.

Cahangir istintaq təcridxanasına köçürüldükdən sonra görüşlər bərpa edilib. Baxmayaraq ki, o, qanunsuz ittiham olunub və 15 il azadlıqdan məhrum edilib, hazırda ona qarşı yeni cinayət ittihamları irəli sürülüb. İstintaqın irəli sürdüyü yeni ittihamlar yenə də sübuta yetirilməyib. ABB-Moskva-nın vergidən yayınması haqda ittiham irəli sürülüb. Ancaq Cahangir müəssisənin direktoru olmadığına və ABB-Moskva-nın (onun öz rəhbərliyi var) vergisinə aidiyyatı olmadığına görə vergidən yayına bilməz. Həmçinin "çirkli pullar"ın yuyulması ittihamı irəli sürülüb. Ancaq bizə məlum deyil ki, bu pullar harada və necə yuyulub.

Hazırda Baş Prokurorluğun sərəncamı ilə bizə görüşü qadağan ediblər. Ona da evə telefon etməyi qadağan ediblər. Hansı əsaslarla? Yaranmış vəziyyətə genosiddən başqa nə ad vermək olar? Ağlıma başqa söz gəlmir. DİN mənim ölkədən çıxışıma qadağa qoyub. Mənim kreditim yoxdur və heç bir şirkətin təsisçisi deyiləm. Cahangirin bacısı olmağım ölkədən çıxışıma qadağa qoyulmasına əsas verirmi?

Ədliyyə Nazirliyindən şifahi formada bildirdilər ki, mənim vərəsəlik hüququmun rəsmiləşdirilməməsi və mənzilimi satmağa imkan verilməməsi barədə göstəriş verilib. Şifahi formada verilən göstəriş onun qanunsuz olduğunu sübut edir. Mənim qızımı, üç azyaşlı uşaq anasını işdən çıxarıblar. Cahangiri 13-cü koloniyada saxlayıblar, hər cür təzyiq göstəriblər, karserə salınmaq da daxil olmaqla.

Başa düşmürük, bizim ailəmiz niyə təqib olunur?

Mən bir bacı kimi yox, Azərbaycan vətəndaşı kimi bütün xalqın qarşısında bəyan edirəm ki, Cahangir bir manatı belə mənimsəməyib.

Onun başına gələnlərin hamısı uydurmadır.

Hazırda Cahangir istintaq orqanlarının təzyiqlərinə etiraz olaraq aclıq elan edib.

Sizdən bizim ailəmizi alçaldıcı davranışlardan və təqiblərdən qorumağı xahiş edirəm.

Hörmətlə, Əminə Hacıyeva

/Turan.az/