Həbsdə olan AXCP fəalının şikayəti təmin edilməyib


Avqustun 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nərimanov şöbəsinin sədri Babək Həsənovu ev dustaqlığına buraxmaqdan imtina edib.

AXCP-nin məlumatına görə, prosesdə Nəsimi Rayon Məhkəməsinin B.Həsənovu ev dustaqlığına buraxılmasını təmin etməyən qərarından verilən şikayətə baxılıb. Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

AXCP məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

B.Həsənovun daha bir şikayəti üzrə məhkəmə iclası təxirə salınıb.

Belə ki, avqustun 14-də B. Həsənovun daha bir şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılması gözlənilirdi.

AXCP-nin məlumatına görə, B.Həsənov yaxınları ilə görüş və telefon danışığı hüququnun pozulması səbəbilə Baş Prokurorluğu məhkəməyə verib.

Ancaq həmin şikayətə baxılması avqustun 16-na keçirilib.

Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovun AXCP fəalının qardaşına göndərdiyi məktubda yazılır ki, onlar B. Həsənovun ailəsi ilə görüş və telefon danışığına hər hansı məhdudiyyət qoymayıblar.

B. Həsənovla saxlandığı gündən görüşə bilmədiklərini deyən ailə üzvləri bundan sonra Baş Prokurorluğu məhkəməyə verib. /Turan/