Deputatın qohumları “at oynadır”lar-ŞOK İTTİHAM


“Makarov” markalı tapançanın taleyi isə, rəis müavini Habil Ağayevin sayəsində müammalı şəkildə qalır”.

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə hər bir deputat Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərlə bağlı fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər. Deputat öz səlahiyyətləri çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Baş Prokurora, ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Milli Bankının İdarə Heyətinə, Azərbaycan Respublikasının Auditorlar Palatasına və s. sorğu verə bilər. Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya, Milli Məclisinin iclaslarında yazılı şəkildə verilir. Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi qaydada yazılı cavab verməlidirlər. Deputatın qanunla qadağan edilməmiş üsullarla məlumat almaq və yaymaq hüququ da var.

Deputat öz vəzifələrini icra edərkən ilk növbədə vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikasının Konstitusiyasını və qaydalarını rəhbər tutmalı, deputat etikasına riayət etməlidir. Deputat qanunazidd hərəkətlərə, habelə yüksək ada xələl gətirə biləcək davranışa, insan şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir. Deputat seçiciləri ilə mütəmadi olaraq əlaqə saxlamalıdır. Seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün, Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər. Bəli, bütün bu kimi və digər addımları atmaq ixtiyarı, Milli Məclisin deputatlarının səlahiyyətinə aid olan məsələlərdir. Bəs 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Xanhüseyn Kazımlının fəaliyyətinə hansı qiyməti vermək olar? Odur ki, bəzi məqamların varlığını çoxsaylı oxucularımızın diqqətinə çatdıraq ki, hər kəs baş verənlərdən az-çox xəbərdar ola bilsin.

Məsələn, bir-iki gün bundan öncə Gundemxeber.Biz-ə müraciət edən İmişli rayon sakini Səmədov Gülməmməd Səməndər oğlu 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş, əslən İmişli rayonundan olan Xanhüseyn Kazımlının, adı çəkilən bu rayonda yürütdüyü qohumbazlıq siyasətinin mənfi fəsadlarından bəhs edir. Onun sözlərinə görə, Xanhüseyn Kazımlının qohumları rayonda bütün strateji vəzifələri ələ keçiriblər və bu gün istədikləri addımlarını da atırlar. Hal-hazırda iş o yerə gəlib çatıb ki, rayonda irəli çəkilmək, özünə karyera qurmaq istəyən bəzi şəxslər, cənab Kazımlının qohumları ilə qohum olmağı, sanki özləri üçün perspektivli addım hesab edirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, Gülməmməd Səmədov İmişlidə hər cür ədalətsizliklərə qarşı barışmaz mövqe tutan, haqqı-ədaləti müdafiə edən sakinlərdəndir. O, daim vurğulayır ki, “istər özü, istərsə də haqqı tapdalanan hər kəs bürokratik əngəllərlə, korrupsiya hüquqpozmaları ilə üz-üzə qaldıqda, dərhal o, sakinlərin müdafiəsinə qalxır. Həmin vaxt hansı məmurdan şikayətlənən kimi, qarşısında Xanhüseyn müəllimin qohumlarından təpki görür.
Belələrindən biri də, İmişlidə "Qəmlo" ləğəbi ilə tanınan və Rayon Polis Şöbəsində rəis müavini vəzifəsini daşıyan Habil Ağayevin olduğu bildirilir. Müraciət müəllifinin sözlərinə görə, hələ bir müddət bundan öncə rəis müavini onu hədələyərək "Özünü yığışdırmasan, avtomobilinə nəşə atdırıb səni həbs etdirəcəyik” deyir.
Səmədov onu da bildirir ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tərəfindən müəyyən qədər təsir olmazsa, o halda X.Kazımlı, onun qohumları, hətta ona bu və ya digər formada bağlı olan şəxslər rayonu bütövlükdə zəbt edər, imkansızları, əlsiz-ayaqsızları tapdaqlar altında da qoyarlar.

Bəli, bütün bunlar vaxtilə prezidentliyə namizəd olmuş və son parlament seçkisində 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Xanhüseyn Kazımlı ilə bağlı səslənən ittihamlardır. Hələ bunlar harasıdır? Çox yaxın vaxtlarda oxucularımıza deputat X.Kazımlının deputatlıq fəaliyyəti ilə bağlı seçici rəylərini, barəsində mətbuatda və internet resurslarında yer almış qiymətləndirmələri, seçicilərin onun qohum-əqrəbası haqda danışdıqlarını və s. təqdim etməyə çalışacağıq. O halda hər kəs xəbəri olmadığı mətləblərdən xəbərdar olub, bu şəxsə qarşı konkret mövqeyini ortaya qoya biləcək.

Müraciət müəllifi ünvanladığı müraciətində onu da qeyd edib ki, 2016-cı ildə İmişli rayon polis idarəsinin rəis müavini Habil Ağayevin göstərişi ilə, Yalavac kənd bələdiyyəsinin sədri DİN-nin 102 xidmətinə zəng vurur və Gülməmməd Səmədovun onu “Makarov” tipli tapança ilə güllələyəcəyini bildirir. Bundan sonra İmişli rayon Polis Şöbəsində Gülməmməd Səmədovla bağlı təhqiqat araşdırmalarına başlanılır. Həmin vaxt bir nəfər onun üzünə durur və atılan addımın əsassız olmasına baxmayaraq, həmin şəxs faktı təsdiq edir. Təhqiqat şöbəsində iyrimi günlük araşdırma işlərinin davam etdirilməsinə baxmayaraq, heç bir cinayətdən, hansısa həbsin həyata keçirilməsindən söhbət getmir və “Makarov” markalı tapançanın taleyi isə, Habil Ağayevin sayəsində müammalı şəkildə qalır. Şikayətçi onu da vurğulayır ki, hal-hazırda İmişli rayonunda bu və ya digər addımları atmaqla insanları qorxu altında saxlayırlar. Aparılan araşdırmalar zamanı o da bəlli oldu ki, sən demə Habil Ağayev deputat Xanhüseyn Kazımlı ilə yaxın vaxtlarda qohum olub. Bu da onu söyləməyə əsas verir ki, İmişlidə qohumbazlıq və məmur özbaşınalığı “pik nöqtə”yə çatıb və belə bir səbəblər üzündən də, rayonda vəzifə sahibi olanlar bu gün də “at oynatmaq”dadırlar.

Mövzunu diqqətdə saxlayacağıq.