Bağlanan saytların bloklanması ilə bağlı məhkəmə olacaq


Avqustun 8-də Bakının Səbail Rayon Məhkəməsində xural.com, arqument.az saytlarının, Yasamal rayon Məhkəməsində isə monitortv.info saytının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciətinə baxılacaq.

Bu barədə saytların rəhbərləri məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti bu saytlara xəbərdarlıq edib ki, səhifələrində prezidentin köməkçisi Əli Həsənovla bağlı dərc etdikləri məqalələri saytdan çıxarsınlar. Saytların rəhbərləri məqalələrin tənqidi xarakter daşıdığını, təhqir və ya böhtanın olmadığını bildirir.

Bununla yanaşı, xural.com saytının baş redaktoru Əvəz Zeynallı nazirlikdən xəbərdarlıq almadığını, lakin məhkəməyə çağırıldığını bildirib.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizi məhkəməyə veribmiş. Təfərrüatlar haqqında heç bir məlumatım yoxdur", deyə Zeynallı qeyd edib.

Avqustun 7-də Səbael Rayon məhkəməsi az24saat.org saytının bloklanması barədə qərar qəbul edib.

Saytın rəhbəri Vüqar Qurdqanlı bildirib ki, bundan öncə Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq edib ki, prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazı 8 saat ərzində silinməlidir.

Baş redaktor bildirib ki, tələb qanunsuz və anlaşılmaz olduğu üçün yazılar silinməyib.

Saytların bloklanması 2017-ci ilin martından başlanıb. Belə ki, heç bir xəbərdarlıq edilmədən Azadlıq Radiosunun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info, Meydan TV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və "Azərbaycan saatı" televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb. Yalnız 2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsi bu saytlara gtrişin bloklanması ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, 2017-ci il martın 10-da Milli Məclis "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" və "Telekommunikasiya haqqında" qanunlara dəyişiklik edərək internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydalarını qəbul edib.