Goranboyda Qızılhacılı qəsəbə sakinləri suya möhtacdır


Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov keyf çəkir, Qızılhacılı qəsəbə sakinləri isə "Kərbala müsibəti"

Goranboy rayon Qızılhacılı qəsəbəsinin sakini Musayev Eldar Cabbar oğlu 7GÜN TV-yə müraciət edərək 300 -dən çox ailənin yaşadığı ərazidə içməli suyun problemə çevrildiyini, texniki sudan ötrü qəsəbə sakinlərinin əziyyətlərə qatlaşdıqları və məmurların biganəliyi barədə məlumat verib. Eldar Musayev bildirir ki, qəsəbəyə içməli su xətti 2000 -ci ildə çəkilsə də, borularda su yoxdur. Sakinlər faktiki olaraq içməli suyun 6 kub metrini 25 manata alırlar. "Yaşadığımız ərazidə əkini suvarmaq üçün "fəaliyyət" göstərən 4 artezian quyusu vardır. 06/ 983 saylı artezian quyusuna nə əməl ediblərsə, 20 sot əkin sahəsini 4 saata güclə suvarmaq mümkündür. 351 saylı artezian quyusunun naqillərini 1 aya yaxındır ki, oğurlayıblar. Daxili İşlər Nazirliyinin 102 Məlumat Mərkəzinə xəbər vermişəm. Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov öz keyfindədir. Su xəttlərini əhalinin pambıq sahələrini suvarmaq üçün suya böyük ehtiyacı olduğu zaman söküb təmir edirlər. Təmir işlərini qışda, yazda niyə görmürlər? Burda suya görə bazar açıblar. Qəsəbə sakinlərinin su problemi, şikayətləri kimsəni maraqlandırmır. Rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev də çəkdiyimiz müsibətdən xəbərdardır. Lakin tədbir görən, dərdimizə çarə tapan yoxdur".

Eldar Musayev həm də bildirir ki, Qızılhacılı qəsəbəsində yaşanan su problemi ilə bağlı 2016 - cı ildə Prezident İlham Əliyevə yazdığı şikayət məktubuna Goranboy rayon İHB- nın 1- ci müavini E. Cahangirov 09 avqust 2016 - cı il tarixli CM - 75 - 066 saylı cavab məktubunda göstərib ki, yaşadığınız ərazidə yeni su quyusunun qazılması plana salınıb, qəsəbədə qalaqlanmış zibilləri də bələdiyyə təmizləyəcək. Lakin bu günə kimi nə su quyusu qazılıb, nə də zir -zibillər təmizlənib. Qəsəbə sakinlərinin əziyyətlə əkib -becərdiyi pambıq sahələri susuzluqdan yanır. Camaat dolanışığını pambıq əkinindən çıxarır. Pambıq susuzluqdan yanırsa, sonra nə edəcəyik? Qəsəbə sakinlərinin sosial problemlərini həll etmək istəyən dövlət məmuru yoxdur. Eldar Musayev yazır ki, Qızılhacılı qəsəbəsində yaranmış ağır sosial durumla və su problemi ilə əlaqədar Prezident İlham Əliyevə və Meliorasiya və Su Təsərrüfatı ASC - nin sədri Zaur Mikayılova yenidən müraciət edib.

P.S. Eldar Musayevin şikayəti ilə bağlı olaraq Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovla telefonla danışdıq. İdarə rəisi arxayınlıqla dedi ki, Eldar Musayev çox yerlərə şikayət edib. Yazdıqları barədə mənə məktub göndərsinlər, mən də ona cavab yazım. Onun cavabından sonra yerində olmayan məmurun məsuliyyət hissini itirməsi, vəzifəsindən şəxsi maraqları üçün yararlanması qənaətinə gəldik. 300 -dən çox ailənin yaşadığı Qızılhacılı qəsəbəsinin su təchizatına məsul olan vəzifə sahibinin vətəndaşın şikayətinə saymazyana münasibəti məmur özbaşınalığının tipik nümunəsidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Goranboyda Qızılhacılı qəsəbə sakinləri suya möhtacdır

E-mail: 7gun.az@gmail.com