Bayden ABŞ-ın Rusiyaya sanksiyalarını açıqlayıb


ABŞ Prezidenti Co Bayden Rusiyaya tətbiq ediləcək yeni güclü sanksiyaları və məhdudiyyətləri açıqlayıb.

CNN-in xəbərinə görə, Co Bayden bildirib ki, tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına dərhal və uzunmüddətli zərbə vuracaq.

O, əlavə edib ki, yeni saknsiyalar nəticəsində Rusiyanın dollar, avro, funt sterlinq və yen ilə biznes imkanları limitlənəcək, ordusunu maliyələşdirmək və böyütmək imkanları dayandırılacaq. Bayden əlavə edib ki, sanksiyalar Rusiyanın yüksək texnologiyalı 21-ci əsr iqtisadiyyatında rəqabət qabiliyyətini zəiflədəcək.

Co Bayden əlavə edib ki, ABŞ Rusiyanın 4 əsas bankının fəaliyyətini bloklayır.

“Biz məqsədyönlü şəkildə bu sanksiyaları tərtib etmişik ki, Rusiya üzərində uzunmüddətli təsirlər maksimum, ABŞ və müttəfiqlər üzərində isə minimum olsun”, - deyə Prezident bildirib.

ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya banklarının ümumilikdə 1 trilyon dollar aktivə malik olduğu bildirilib.

O, bununla belə, Rusiyanın "Swift" sistemindən çıxarılması məsələsinə hələlik baxılmadığını söyləyib.

Co Bayden qeyd edib ki, sanksiyaları yalnız ABŞ deyil, Avropa İttifaqının 27 ölkəsi və G7 ölkələri tətbiq edəcək.