Könüllülərə “Müharibə veteranı” adının verilməməsi məsələsinə aydınlıq gətirilib


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş şəxslərə “Müharibə veteranı” statusunun verilmədiyinə dair iddialara aydınlıq gətirib.

Nazir junalistlərə açıqlamasında burada hər hansı könüllü və ya qeyri-könüllü kateqoriyasının olmadığını deyib.

O bildirib ki, "Müharibə veteranı" statusu veriləcək şəxslərin konkret kateqoriyaları var və bu, normativ hüquqi aktlarla təsbit edilib: "Həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən müəssisə xidmət keçdiyi və ya işlədiyi qurumdur. Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də, həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir".

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında könüllü iştirak etmiş bəzi şəxslər onlara “Müharibə veteranı” adının verilməyəcəyi barədə sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər.