Təhsil sahəsində daha bir özbaşınalıq: Almaniyada yaşayan Sevinc Məmmədovanın adına dərs saatları yazılıb?


7gun.org xəbər verir ki, 20 iyul 2020-ci il tarixdən Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Anar Qədiməliyev haqqında “Hürriyyət”in redaksiyasına məktubu daxil olub. Adının şəkilməsiini istəməyən şikayətçi iddia edir ki, A.Qədiməliyev bir sıra məktəb direktorlarının qanunsuz əməllərinə göz yumur:

“Onlardan hələlik ikisinin adını çəkirəm – 7 və 31 nömrəli məktəblər. Bunlar həm də dayıqızı-bibiqızıdırlar. Sevda müəllimə Elyenora müəllimə 7 nömrəli məktəbdə direktor Könül müəlliməylə saçyoldusuna çıxıblar. Hazırda Könül müəllimə xəstəxanada yatır.

Ali təhsilli müəllimlərdən rüşvət alıb, guya kargüzar kimi işə götürürlər. Əslində isə, həmin adamlar süpürgəçi kimi rəsmiləşdirirlər. Onlar isə işə gəlmirlər, sadəcə maaş alırlar.

Eyni qaydada 31 nömrəli məktəbdə də tarix müəllimi Şəfa, musiqi müəllimi Samirə, ibtidai sinif müəllimi Ləman, fizika müəllimi Reyhan, digər ibtidai sinif müəllimi Şəlalə və s. şəxslərin adı məktəbdə süpürgəçi kimi gedir.

Məktəbin tarix müəllimi Məmmədova Sevinc İmran qızı 5-6 ildir ki, Almaniyada yaşayır, amma adına dərs saatları yazılıb, pul “yeyilir”. Elə ki, üstü açıldı, onun adından saxta ərizə yazıb, işdən çıxardılar.

Tarix müəllimi Leyla Babayeva da Mingəçevirdə yaşaya-yaşaya adına pul yazılıb, mənimsənilir.

Maraqlıdır ki, məktəbə kitabxana müdiri kimi işə götürülən Səadət Məmmədova paralel olaraq Gəncə Dövlət Universitetinin İbtidai metodika fakultəsində əyani tələbədir, universiteti bu il qurtaracaq.

Anar Qədiməliyevin yaxın dostu, Aqrar Universiteti bitirmiş Orxan Abbasovun qaynanası Rəhimova Təranə də 31 nömrəli məktəbdə 20 dərs saatı ilə idman müəllimi işləyir. Qaynatası Məzahir Rəhimov Gəncə şəhər İcra Hakimiyyətində əhaliyə küllü miqdarda pul “atdığına” görə keçmiş icra başçı Eldar Əzizovun əmri ilə 2010-cu ildə işdən qovulub. İndi isə o, Gəncə şəhərində yeni açılmış Fizika-riyaziyyat təmayüllü litseydə direktorun təsarufat işləri üzrə müavini vəzifəsini götürülübş

Anar Qədiməliyevin bu günə qədər heç yerdə işləməyən doğma atası Yusif Qədiməliyev də 2 saylı peşə litseyinə baş usta kimi işə götürülüb.

Anar Qədiməliyev Röyal adlı dayısı oğlunun adını da 22 nömrəli məktəbə texniki işçi kimi yazdırıb, amma öz yanında sürücü kimi işlədir. Gəncədə deyilənə görə, onun əsas maliyyə dayağı şəhərdə yetərincə tanınan, 95 nömrəli aptekin müdiri Səyyaf adlı şəxsdir. Səyyafa xoş getsin deyə A.Qədiməliyev maşınının nömrəsini 95 alıb".

Yazıda qeyd olunan iddialarla bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.