Baş Prokurorluğun qarşısında etiraz aksiyası


Yetkinlik yaşına çatmayan şəxsi öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun yaxınları bu gün Baş Prokurorluğun qarşısında həbs müddətinin uzadılmasına etiraz olaraq etiraz aksiyası keçiriblər.

Qohumları hesab edir ki, İ.Süleymanov günahsızdır, istintaq obyektiv aparılmayıb, ittihamlar sübuta yetirilməyib.

Şikayətçilər Baş prokurorun qəbuluna düşmək istəyib, amma onları Ağır Cinayətlərə dair istintaq idarəsinin rəisinin qəbuluna yönləndiriblər. Onlar saat 18.00-dək bu qurumda olublar.

Tovuz rayonunun Dorndar Quşçu kənd sakini İlkin Süleymanov 19 noyabr 2019-cu il tarixində itkin düşən 10 yaşlı həmkəndlisi Nərmin Quliyevanı öldürməkdə ittiham olunur, onun yanmış cəsədi 6 yanvar 2020-ci ildə tapılıb. İstintaq qızın təcavüzə məruz qaldığını müəyyənləşdirib.

Bir gün əvvəl məhkəmə ilkin həbs müddətini 4 ay uzadıb. Turan