Azərbaycan səhiyyə sistemi reytinqində 92-ci yerdədir


Britaniyanın nüfuzlu The Lancet tibbi jurnalı səhiyyə sistemlərinin səmərəlilik səviyyəsi üzrə ölkələrin illik reytinqini dərc edib. Nəşr dünyanın 195 ölkəsində tibbi xidmətdən istifadə imkanlarını və onun keyfiyyətini qiymətləndirib. İndikator kimi səmərəli müalicə yolu ilə xəstənin ölümdən xilas edilməsi mümkün olan 32 xəstəliyə baxılıb.

Hesabatda qeyd edilir ki, tibbi-sanitar xidmətlərin ümumi əhatəsinin təmin edilməsinin əsas komponentlərindən biri bütün əhali qruplarının keyfiyyətli tibbi xidmət əldə etmək imkanının təmin edilməsidir. Bu sahədə uğur və nailiyyətlərin və ya nöqsan və geriliklərin araşdırılması gələcək inkişafla bağlı rəhbər qərarların və strategiyaların hazırlanması üçün həlledici əhəmiyyət daşıyır.

1990-2016-cı illər ərzində planetin 200-ə yaxın ölkəsini və ərazisini əhatə edən qlobal araşdırma göyöskürək, neonatal pozuntular, onkoloji xəstəliklərin müxtəlif formaları (döş xərçəngi, leykemiya və s.), epilepsiya, diabet, xroniki böyrək çatışmazlığı, yara xəstəliyi və s. kimi xəstəliklər üzrə aparılıb. Bu xəstəliklər siyahısı üzrə xəstələrin müalicəsi haqqında milli məlumatlardan tibbi yardımın əlçatanlığı və keyfiyyəti indeksi (HAQ) vasitəsilə tibbi yardımın əlçatanlığının və keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə olunub.

"Biz səmərəli tibbi yardım olarsa, yerində və qısa müddət ərzində bu yardımı əldə etmək imkanı və onun keyfiyyəti təmin edilərsə, ölümə gətirib çıxarmamalı olan 32 səbəbdən istifadə etdik. Tibbi xidmətdən istifadə imkanlarının səviyyəsi və risk faktorları nəzərə alınmaqla, bu sahədə vəziyyəti obyektiv qiymətləndirmək üçün ölüm hallarını bir sıra xəstəliklərin yaratdığı konkret səbəblərə görə standartlaşdırdıq. GBD 2016-da tibbi yardımın onkoloji xəstəliklər zamanı həyatda qalmağa təsiri haqqında dəqiq məlumatları təmin etmək üçün onkoloji qeydiyyat məlumatları əsasında standartlaşdırılmış ölüm halları əmsallarının yerinə xərçəngdən ölüm hallarının əmsallarından istifadə olunub. 0-100 ballıq səbəblər şkalasının formatını dəyişdirdik: 1990-2016-cı illər arasında müşahidə olunan birinci səviyyə kimi 0 baldan (ən pis) və 99-cu səviyyə kimi (ən yaxşı) 100 bala qədər. HAQ indeksinin tərtib edilməsi üçün əsas komponentlərin təhlili aparıldı", deyə hesabatda bildirilir.
Reytinqə əsasən, dünyada ən yaxşı səhiyyə sistemi İslandiyadadır. O, 100 mümkün baldan ən çoxunu - 97,1 bal alıb. Daha sonra siyahıda Norveç, Hollandiya, Lüksemburq, beşinci yerdə isə 95,9 balla Finlandiya və Avstraliya gəlir. Bu, o deməkdir ki, bu ölkələrin sakinlərinin tibbi yardımdan maksimum istifadə imkanı var və bu yardım sayəsində insanlar ən təhlükəli və ağır xəstəliklərdən belə müalicə olunur.

Estoniya 86 balla 31-ci, Latviya 81 balla 43-cü, Litva 80 balla 45-ci yerdədir. Azərbaycan bu reytinqdə 66 balla 92-ci yeri tutub və uzaq Meksika və Peru ilə qonşu olub. 70-ci yeri tutan (71 bal) "yoxsul" Ermənistan, Qazaxıstan (78-ci yer, 69 bal), Moldova (87-ci yer, 67 bal), Gürcüstan (89-cu yer, 67 bal) bizdən yuxarıdadır.
Reytinqdə sonuncu yerləri Çad, Qvineu-Bisau, Somali, Mərkəzi Afrika Respublikası tutub (https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(18)30994-2/fulltext?code=lancet-site).

7gun.org-ın xəbərinə görə, bu məlumatları Turan-a şərh edən iqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, milli araşdırmalar Azərbaycanda qeyri-infeksiya xəstəliklərindən ölüm hallarının səviyyəsinin yüksək olduğunu göstərir - ümumi ölüm hallarının 87%-i bu xəstəliklərin payına düşür. Xüsusən, ölümcül nəticələrin 57,8%-i ürək-damar xəstəliklərinin payına düşür. İkinci yeri onkoloji xəstəliklər tutur.

"Problemin kökündə təkcə klinikaların texniki təchizatından, həkimlərin peşəkarlığından daha çox bu xidmətlərin əlçatanlığında, vətəndaşların maddi vəziyyətindədir. Azərbaycanda müalicə baha başa gəlir. Təhlillər, USM və ya tomoqrafiya, dərmanlar - bütün bunlar böyük maliyyə tələb edir, hələ həkimlərin və tibb bacılarının xidmət haqqını demirəm. Buna görə insanlar bəzən mütəxəssislərə ən son həddə, xəstəliyin müalicəyə çətin cavab verdiyi və ya heç cavab vermədiyi vaxtda müraciət edirlər", deyə Əliyev qeyd edir.

Digər mənfi məqam icbari tibbi sığorta sisteminin olmamasıdır, bu, vətəndaşlara xəstəlik irəlilədikdə deyil, daim tibbi yardım almaq imkanı verərdi. Hələlik bu sistem respublikanın 4-5 rayonunda pilot şəklində tətbiq edilir. Bundan başqa, bu sahəyə yönləndirilən büdcə investisiyalarının həcmi kifayət qədər deyil, bu vəsait keyfiyyətli tibbi xidmət əldə etmək imkanını genişləndirməyə imkan vermir.