Əhəd Abıyev: "Onları vaxtı-vaxtında yemləyirəm"


Rayonda idarə, müəssisə və təşkilatlarda rüşvətin və korrupsiyayanın kökünü kəs.

İki gün öncə 7GÜN TV-də "Əhəd Abıyevlə Pərvin Abıyevanı hansı tellər bağlayır?" başlıqlı məqalə dərc olunub. Həmin məqalədə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin aktrisa Pərvin Abıyeva üçün Nərimanov rayon ərazisində 3 otaqlı mənzil aldığı bildirilir. Məqalənin sonunda mövzu ilə bağlı hər iki şəxsin mövqeyini dərc etməyə hazır olduğumuzu qeyd etmişik. Barəsində söhbət gedənlərdən biri - Əhəd Abıyev mövzu ilə bağlı mövqeyini açıqlayıb. Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən mətbuata göndərilən açıqlamada deyilir:

“Müxtəlif media orqanlarında barəsində yayılan “Əhəd Abıyevlə Pərvin Abıyevanı hansı tellər bağlayır?” başlıqlı əsassız yazıya münasibət olaraq Əhəd Abıyev bildirir: “Mən həyatda Pərvin Abıyevanı heç vaxt görməmişəm, onunla heç bir əlaqəm olmayıb. Sadəcə soyad uyğunluğumuz var. Onunla heç bir tanışlığımız, qohumluğumuz da yoxdur. Bu yalan, şər və böhtandır, qərəzli şayiədir. Əgər üzr istəyib təkzib verilməzsə, bu yazını yazanı da təzə media qanunları ilə məhkəməyə verəcəm”.

Göründüyü kimi, Əhəd Abıyev həyasızcasına deyir ki, mən Pərvin Abıyevanı tanımıram. Əslində bu cavab bizi bir o qədər də təəccübləndirmədi. Başqa nə deyəcəkdi ki? Bəlkə deməli idi ki, düz yazıblar, mən Pərvin Abıyevaya ev almışam. Hər dəfə o da başqaları kimi deyilənləri "bu yalan, şər və böhtandır, qərəzli şayiədir" deyərək, özünü təmizə çıxarmağa çalışır. Əslində düşünürəm ki, Əhəd Abıyevlə bağlı daha geniş nə isə yazmağa ehtiyac yoxdur. Ölkədə 7-dən 77-ə hər kəs onun kim olduğunu çox yaxşı bilir.

Bir də bizi məhkəməyə verməkdənsə, get icra başçısı olduğun rayonun problemləri ilə maraqlan. İnsanlar üçün şərait yarat. Rayonda idarə, müəssisə və təşkilatlarda rüşvətin və korrupsiyayanın kökünü kəs. Səhv demirik ki? Sən əksinə, insanlara daha da çox problem yaradırsan. 5 çağırış deputat kimi milli məclisdə təmsil olundun. İndi də 2010-cu ildən icra başçısısan. Nə elə, nə belə, sənin heç bir xeyrin dəymədi bu xalqa.

Əhəd Abıyevlə bağlı Daşkəsən rayonunda şifahi sorğu keçirtdik. Sorğuda iştirak edənlərin demək olar ki, hamısı rayonun başçısından narazılıqlarını ifadə etdilər. Onlar rayonda ciddi sosial və iqtisadi problemlərin olduğunu, iş yerlərinin olmadığını, icra başçısının həmin problemlərlə maraqlanmadığını, Əhəd Abıyevin rayonda çox olmadığını, daha çox Gəncə şəhərində və paytaxt Bakıda yaşadığını deyirlər. Rayonun problemlərindən danışanlar və yazanlar təqiblərə, müxtəlif təzyiqlərlə məruz qalırlar.

Daşkəsən sakinləri deyir ki, Əhəd Abıyevlə bağlı prezident İlham Əliyevə göndərilən şikayətlərin heç bir nəticəsi yoxdur. Biz özümüz də bilmirik səbəb nədir. Bəlkə elə Əhəd Abıyevin bəzi şəxslərə "mənim hər yerdə adamlarım var. Onları vaxtı-vaxtında yemləyirəm. Ona görə mənim barəmdə yuxarılara göndərilən müraciətlərin araşdırılması mümkün deyil" açıqlaması daha inandırıcıdır.

Ölkə mətbuatına nəzər salsaq görərik ki, Əhəd Abıyev barəsində kifayət qədər məqalələr dərc edilib. Ancaq həmin məqalələr qulaqardına vurulub ki, bu da Əhəd Abıyevə əlavə stimul verməklə yanaşı, onun əl-qolunu daha da açıb.

Mövzunu davam etdirəcəyik.

Əgər arzu edərsə, Əhəd Abıyevin də mövqeyini dərc etməyə hazırıq.