Təcrübəniz yoxdursa, nə bilirsiniz ki, tələsən yerimiz yoxdur? -Şahvələd Çobanoğlu


"Deyirsiniz ki, bu hakimiyyəti heç kim hələ əvəz etməyə hazır deyil, hakimiyyətə gəlməli deyilik, təcrübə yığmalıyıq. Bunun gülməli tərəfi yoxdur artıq, xalqın hakimiyyətini qəsb edən, saxta yollarla iqtidarda qalan, ölkəni talayan, taleləri sındıran bir cinayətkar dəstəyə haqq qazandırmaqdır"

7gun.org xəbər verir ki, bu sözləri jurnalist Şahvələd Çobanoğlu özünün feysbuk hesabında yazıb.

Erkin Qədirlinin "Bu hakimiyyət qalmalıdır ki, müxalifət təcrübə toplasın" fikriniə münasibət bildirən Şahvələd Çobanoğlu yazıb ki, təcrübəniz yoxdursa, nə bilirsiniz ki, onlar təcrübəlidir?

"Nyutonun böyük alim olduğunu bilməyən yoxdur. Kimi dindirsən, deyəcək ki, böyük fizikdir. Amma yalnız az adam bilir ki, o, çox böyük fizik və çox böyük riyaziyyatçıdır, riyaziyyatda elədiklərini heç sadalayıb çatdırmaq olmur. Mənə görə dahilərin içərisində ən çox elm adamı olan odur – mənə görə, tarix belə bir elm adamı görməyib hələ də. Amma bu qədər savadlı və dahi adamın bir qapıdan böyük pişiyə böyük deşik, kiçik pişiyə kiçik deşik açması barədə əhvalata hamı gülür, çünki böyük deşikdən hər ikisi keçə bilərdi. Elə mən də gülmüşəm.
Olur yəni. Amma Nyutona sağlığında öz yanında gülsəydik, inad etməzdi ki, yox, o düz edib, əksinə, özü də gülərdi. Hər birimizin belə halları ola bilər, olur. Xüsusən də, Nyuton kimi adamda da olubsa.
İndi bu qədər savadlı bir adam - Erkin Qədirli bir söz deyib – Tələsən yerimiz yoxdur – hamı güldükcə gülür, deyindikcə deyinir, o da isbat etməyə çalışır ki, yox, elə onun dediyidir. Təkrar-təkrar deyir.
Burda başa düşülməsi çətin olan nə var axı? Hamı deyir çox gecikmişik, çox itirmişik, tələsməsək də, vaxtında edək nəyisə, yaxud yenə gecikməyək, Erkin Qədirli də dediyi o sözü bir də deyir, gülürlər. Bilirik ki, kiçik pişiyə ayrı deşik açmaq pişiklərə mane olmurdu, amma gülməli idi. Tələsən yerimiz yoxdur demək də, o demək deyil ki, hamı tələsirmiş, bu adam da haqlı olaraq qoymur tələsməyə. Axı heç tələsən yoxdur, hətta tərpənən o qədər azdır ki, çox vaxt deyirlər ki, tərpənən yoxdur.
Təsəvvür edin ki, hamı acdır, yeməyə də bir şey yoxdur, sən gəlib deyirsən ki, çox yemək olmaz, sağlamlığa ziyandır, sizcə bəyənərlər?
Camaat şir lətifəsi danışır: “Azərbaycan yatmış şirə bənzəyir. Oyadırlar, gedib o yanda yatır”.
Elə bil, sən də bu zaman deyirsən ki, tələsən yerimiz yoxdur.
Üstəlik, təkcə gülməli deyil, həm də təkrar-təkrar deyəndə çağırışa oxşayır - Oturaq yerimizdə, tələsməyək! – deyə.
Ardınca da deyirsiniz ki, bu hakimiyyəti heç kim hələ əvəz etməyə hazır deyil, hakimiyyətə gəlməli deyilik, təcrübə yığmalıyıq. Bunun gülməli tərəfi yoxdur artıq, xalqın hakimiyyətini qəsb edən, saxta yollarla iqtidarda qalan, ölkəni talayan, taleləri sındıran bir cinayətkar dəstəyə haqq qazandırmaqdır.
Təcrübəyə bax bir!
Təcrübəniz yoxdursa, nə bilirsiniz ki, onlar təcrübəlidir?" - deyə jurnalist Şahvələd Çobanoğlu feysbuk statusunda qeyd edib.